Səhmlər

Səhm – sahibinə aid olduğu müəssisənin aktivlərində nominal dəyərinə mütənasib sürətdə paya sahiblik və bu paya uyğun olaraq müəssisənin mənfəətindən dividend şəkilində gəlir əldə etmək hüququ verən qiymətli kağızdır. Səhm eyni zamanda sahibinə aid olduğu cəmiyyətin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızı olmaqla bu cəmiyyətin ləğvindən sonra qalan əmlakının pay bölgüsünə uyğun hissəsini əldə etmək imkanı verir.

Səhmlərin əsas olaraq iki növü mövcuddur:

  • Adi səhmlər;
  • İmtiyazlı səhmlər.

Adi səhm sahibinə cəmiyyətin qərarlarında səs vermə hüququ verməklə, səhmdar cəmiyyəti maliyyə ilini mənfəətlə başa vurduğu və dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, səhmin həcminə uyğun dividend əldə etmək imkanı verir.

İmtiyazlı səhm sahibləri cəmiyyətin idarəçiliyində səsvermə hüququna malik deyillər, səhmdar cəmiyyətinin illik fəaliyyət nəticəsindən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend alırlar.

Səhmlər nominal və bazar qiymətinə malikdirlər. Səhmdar cəmiyyətinin emissiya etdiyi səhmlərin nominal dəyəri bərabər olmaqla cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. Səhmin bazar qiyməti isə qiymətli kağızlar bazarında olan şəraitdən asılı olaraq dəyişir.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq səhmlərin nominalı yalnız milli valyutada ifadə olunmalıdır.