Repo müqavilələri

Repo müqaviləsi kapital bazarlarında istifadə edilən qısamüddətli borc forması olmaqla, öz maliyyə ehtiyaclarını ödəmək məqsədilə bazar iştirakçılarını müvəqqəti borc cəlb etmə imkanları ilə təmin edir. Başqa sözlə, repo müqaviləsi qiymətli kağızların müqabilində vəsaitlərin cəlb olunması deməkdir.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən repo müqaviləsi investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması) kimi təsbit edilmişdir. Repo əməliyyatı repo açılış əqdi və repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir. Repo açılış əqdi repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə əqddir, Repo bağlanış əqdi isə ikinci hissəni təşkil etməklə, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə əqddir. Repo əqdinə müvafiq olaraq qiymətli kağızları satan tərəf müəyyən edilmiş müddətin sonunda qiymətli kağızı alıcıdan yenidən geri almaq öhdəliyini daşıyır. Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Azərbaycanda repo əməliyyatları Bakı Fond Birjası (BFB) və onun üzvü olan investisiya şirkətləri arasında və klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin iştirakı ilə bağlanan Baş Razılaşma əsasında birjanın qaydalarına uyğun olaraq həyata keçirilir. Repo Baş Razılaşması Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən çərçivə sənədidir.

Bir qayda olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo/Əks repo əməliyyatları investorlar arasında Repo Baş Razılaşmasına uyğun olaraq BFB-də keçilir. Bu zaman predmeti olaraq Mərkəzi Bankın qısamüddətli notları, dövlət istiqrazları və Baş Repo razılaşmasında qeyd olunan likvid qiymətli kağızlar çıxış edir.

Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti və repo faiz dərəcəsi investorlar tərəfindən müəyyən olunur. Repo əməliyyatı üzrə gəlirlilik dərəcəsi repo açılış əqdi qiyməti ilə repo bağlanış əqdi qiyməti arasındakı fərqdən formalaşır. Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.