Fond birjası – müvafiq lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Fond birjasının vəzifələri aşağıdakılardır:
- Təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi;
- Öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi;
- Qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi;
- Ticarət sistemlərinin istismarı və dəstəklənməsi;
- Qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili;
- Fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi;
- Öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi;
- Ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması;
- Öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması;
- Qanunvericilik və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr.
Hal-hazırda dünyada bir çox fond birjaları fəaliyyət göstərir. Onlardan ən iriləri ABŞ-ın NASDAQ və Nyu-York birjası, Yaponiyanın Tokio fond birjası, İngiltərənin London fond birjası və Çinin Şanxay fond birjasıdır.
Azərbaycan Respublikasında fond birjası fəaliyyəti Bakı Fond Birjası tərəfindən həyata keçirilir.