Törəmə maliyyə alətləri

Törəmə maliyyə aləti hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan qanunvericiliyinə əsasən, törəmə maliyyə alətlərinə fyuçers, opsion və svop aiddirlər.

Fyuçers baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqısı üzrə törəmə maliyyə alətidir. Fyuçersin əsas baza aktivləri buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. Fyuçerslər birjada alqı-satqı olunurlar. Ticarət riskini azaltmaq məqsədilə fyuçers ticarətində iştirak edən treyderlərdən fyuçers müqaviləsinin 5-15%-i miqdarında marja (ehtiyat vəsait) tələb olunur.

Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir. Opsionun aşağıdakı növləri mövcuddur:

  • Call opsion – sahibinə əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə baza aktivini almaq hüququnu verir.
  • Put opsion – sahibinə əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə baza aktivini satmaq hüququnu verir.
  • Svop opsion(Swaption) - sahibinə əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə baza aktivlərinin dəyişdirilməsi üzrə hüquq verir.

Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir.Svop dəyişmə aləti olduğundan, onun müxtəlif növləri mövcuddur: faizli svop, valyuta svopu və s.

  • Faizli svop - İki borc aləti emitenti arasında əvvəlcədən müəyyən olunmuş eyni məbləğdə borc üçün sabit faiz dərəcəsi ilə dəyişkən faiz dərəcələri üzrə ödəmələrin dəyişdirilməsi haqqında saziş. İki tərəf arasında gələcək faiz ödənişlərinin mübadiləsinə şərait yaradan törəmə alət. Adətən, tərəflər arasında sabit faiz ödəmələri və üzən faiz ödəmələri mübadilə edilir. Şirkətlərin faiz dərəcəsi svoplarından istifadə etməkdə başlıca məqsədləri faiz dərəcəsinin dəyişməsindən irəli gələn risklərdən özlərini qorumaqdır.
  • Valyuta svopu - Bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılması. Bu növ svopda, iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə məzənnə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnə razılaşdırılır.

Törəmə maliyyə alətləri spekulyativ və hedcinq məqsədləri üçün istifadə olunur. Spekulyatorlar aktivlərin, indekslərin və maliyyə alətlərinin qiymət dəyişimini ehtimal edərək bundan gəlir əldə etməyə çalışırlar.