Beynəlxalq kodlar haqqında

Beynəlxalq identifikasiya kodlarının qiymətli kağızlara verilməsində məqsəd bir sistem çərçivəsində qiymətli kağızların və başqa maliyyə alətlərinin standartlaşdırılmış identifikasiyası və bu məlumatların fond bazarının iştirakçıları arasında yayılmasıdır. Beynəlxalq identifikasiya kodları və qiymətli kağızların standartlaşdırılmış təsviri maliyyə sənayesinin bütün sektorlarında istifadə olunur, dəqiq və effektiv klirinq və hesablaşmaların həyata keçirilməsi, əqdlərin bağlanması və qeydiyyata alınmasının bütün mərhələlərində məlumatın təhlilinin tam avtomatlaşdırılması, habelə hesablaşmaların tezləşdirilməsi üçün zəruri hesab edilir. 

ISIN kod (Qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi) maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli koddur. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya emitentin hüquqi yerləşdiyi yeri (borc qiymətli kağızları istisna olmaqla) müəyyən edir. Borc qiymətli kağızlarına kodu bu alətin yerli və ya beynəlxalq olmasından asılı olaraq müvafiq Milli Nömrələyici Agentlik təyin edir. ISO 3166 standartına əsasən Azərbaycan emitentlərinin qiymətli kağızlarına verilən ölkə kodu “AZ” kimi ifadə olunur. Növbəti doqquz rəqəm, qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number, və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 “ikiqat artır – topla - ikiqat artır” (“Modulus 10 Double Add Double technique”) moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.

ISIN kodları Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (International Standards Organization) Texniki komitəsi tərəfindən hazırlanmış ISO 6166 beynəlxalq standartlarına uyğun olaraq verilir. Bu standart qiymətli kağız buraxılışlarının beynəlxalq nömrələmə sisteminin rəqəmli işarələnməsi üçün ümümi struktur təyin edir və müxtəlif ölkə emitentlərinin qiymətli kağızlarına ISIN kodun verilməsi üçün məsul orqanları, həmçinin ISIN kodlarını ala bilən qiymətli kağızların siyahısını müəyyən edir. ISIN kodlar aşağıdakı qiymətli kağızlara təyin edilir: investisiya qiymətli kağızları; borc alətləri (müxtəlif istiqrazlar); törəmə qiymətli kağızlar (opsionlar və fyuçerslər); digər alətlər (veksellər, indekslər, valyuta). 

CFI (Maliyyə alətlərinin təsnifatı) maliyyə aləti buraxıldıqda müəyyən edilmiş xüsusiyyətləri özündə əks etdirir və dəyişməz qalır. CFI altı hərfli koddur. Birinci simvol maliyyə alətinin kateqoriyasını, ikincisi həmin kateqoriyadakı qrupunu göstərir. Növbəti 4 simvol isə alətin aid olduğu qrupun əsas xüsusiyyətləri əks etdirir.

ISO 10962 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiq edilmiş maliyyə alətlərinin təsnifatı üçün strukturu müəyyən edir.

FISN (Maliyyə alətinin qısa adı) maliyyə alətləri üçün qısa adları və təsvirləri standartlaşdırmaq və bu istiqamətdə vahid yanaşmanı təmin etmək üçün hazırlanmışdır. ISO 18774 standartı emitentin qısa adını və maliyyə aləti üçün qısaldılmış xüsusiyyətləri müəyyən edir. FISN ən azı 35 simvoldan ibarət koddur:

- emitentin adı və maliyyə alətinin təsviri arasında ayırıcı “/”;

- maksimum 15 simvoldan ibarət emitentin adı;

- maksimum 19 simvoldan ibarət maliyyə alətinin təsviri.