Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən Milli Depozit Mərkəzinin yeni xidmət haqları təsdiq edilmiş və 16 dekabr 2020-ci il tarixindən etibarən qüvvəyə minmişdir.

Təsdiqlənmiş tarif planında beynəlxalq təcrübəyə uyğun olaraq bəzi xidmət haqları ləğv edilmiş, bir çox xidmət növləri üzrə haqlar azaldılmış, fond birjasında listinqi stimullaşdıran differensial tariflər müəyyən edilmişdir. Beləliklə, fond birjasında listinqdə olan qiymətli kağızların saxlanılması və mülkiyyətçilərin reyestrinin aparılması xidmətləri üzrə emitentlərdən tutulan tariflər, fond birjasında təkrar bazar, marketmeyker və repo əqdləri üzrə investorlardan tutulan xidmət haqları azaldılmış, ipoteka istiqrazları və digər təminatlı istiqrazlar üzrə sərəncamçı xidmətlərindən tutulan tariflər isə optimallaşdırılmışdır. Həmçinin,səhmdarların ümumi yığıncağının təşkili, səhmlər üzrə dividendlərin hesablanması və ödənilməsi, korporasiyalar və beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazlar üzrə faizlərin hesablanması və ödənilməsi tarifləri azaldılmışdır.

Yeni xidmət haqları beynəlxalq təcrübəyə və yerli bazarın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilmişdir.Beləliklə, yeni tarif cədvəli kapital bazarında şəffaflığı təmin edəcək, əməliyyat xərclərini azaldacaq, emitentlərin kapital bazarlarına çıxış və investorların iştirak imkanlarının genişləndirilməsini təmin edəcəkdir.

Qeyd edək ki, xidmət haqlarının optimallaşdırılması Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə tədbirlər çərçivəsində həyata keçirilmişdir.

Ətraflı məlumat üçün:http://www.mdm.az/assets/upload/files/MDM%20xidm%C9%99t%20haqlar%C4%B1%281%29.pdf