18 sentyabr 2020-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) üzvlərinin onlayn görüşü keçirilmişdir. Görüşdə Milli Depozit Mərkəzinin (MDM) və Bakı Fond Birjasının əməkdaşları, investisiya şirkətlərinin nümayəndələri iştirak etmişlər.

Veb-görüş zamanı ilk növbədə görüş iştirakçıları ilə MDM-in İdarə Heyətinə yeni təyin edilmiş sədri cənab A.Qasımov arasında tanışlıq keçirilmiş, ona fəaliyyətində uğurlar arzulamışlar.

Daha sonra MDM tərəfindən depozitar sistemində ediləcək yeniliklər barədə təqdimat iştirakçıların diqqətinə çatdırılmış, qeyd edilən yeniliklər investisiya şirkətlərinin nümayəndələri tərəfindən müsbət qiymətləndirilmişdir.

Həmçinin, qiymətli kağızlar bazarının inkişafına dair bazar iştirakçılarının təklifləri müzakirə edilmiş, MDM-də aparılan əməliyyatların sadələşdirilməsi və avtomatlaşdırılması ilə bağlı fikirlər dinlənilmişdir.

Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan AFBİA 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.