Milli Depozit Mərkəzi tərəfindən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır. Bu istiqamətdə yeni elektron xidmət - emitentlərin istifadəsi üçün nəzərdə tutulan “elektron emitent kabineti” yaradılmışdır. Elektron portal emitentlərə qiymətli kağız mülkiyyətçilərinin reyestrinə real vaxt rejimində elektron baxış imkanı təqdim edir. Bununla, emitent seçilmiş alət üzrə qiymətli kağız sahiblərinin adları və onların sahib olduqları qiymətli kağızların miqdarı barədə məlumat almaq imkanı qazanırlar. Həmçinin, emitentlər kabinetə daxil olaraq seçdikləri alətlər, yəni emissiya etdiyi qiymətli kağızlar barədə məlumatları, o cümlədən, emitentin adı, alətin İSİN nömrəsi, valyutası, qiymətli kağızların ümumi miqdarı,emissiya etdiyi qiymətli kağızların nominalı və digər məlumatları əldə edə bilərlər.

Xidmətdən yararlanmaq üçün istifadəçinin veb brauzerə çıxışı və “ASAN imza” sertifikatı olmalıdır.

Portalda tətbiq edilən digər yenilik, deponentlərin şəxsi kabinetində edilən bir sıra dəyişikliklərlə bağlıdır. Yeniliyə əsasən, hüquqi şəxslər üçün də depo hesabına baxış imkanı yaradılmışdır. Qeyd edək ki, daha öncə yalnız fiziki şəxslər bu xidmətdən istifadə edirdilər.

Elektron emitent və deponent kabinetlərinin investisiya şirkətlərinə təqdim edilməsi və istifadə imkanları barədə ətraflı məlumatın verilməsi məqsədi ilə MDM əməkdaşları və İnvestisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə 19.03.2021-ci il tarixində onlayn formatda görüş təşkil edilmişdir. Görüş zamanı üzvlər “Emitentlərin elektron xidmətlər üzrə istifadə kitabçası” ilə tanış olmuş və onları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin, bir sıra təkliflər irəli sürülmüş və gələcəkdə tətbiqi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, emitentlər üçün elektron kabinet artıq istifadəyə verilmişdir.