4 mart 2021-ci il tarixində Milli Depozit Mərkəzi (MDM) ilə Cənubi Koreyanın Mərkəzi Depozitarı (KSD) arasında əməkdaşlıq çərçivəsində onlayn formatda işgüzar seminar təşkil edilib.

Seminar zamanı Koreya təcrübəsinin öyrənilməsi məqsədilə KSD-nin nüməyəndələri tərəfindən MDM-in əməkdaşlarına xarici depozitarın fəaliyyəti, əsas və əlavə dəyər yaradan xidmətləri barədə təqdimatlar edilmişdir. Eyni zamanda, MDM tərəfindən onun fəaliyyət istiqamətləri və Azərbaycan kapital bazarında baş vermiş son yeniliklər haqqında məlumatları əks etdirən təqdimat Koreyalı həmkarların diqqətinə çatdırılıb.

Təqdimatlardan sonra “Sual-cavab” hissəsində mövzular ilə əlaqədar yaranmış suallar qarşılıqlı şəkildə cavablandırılaraq fikir mübadiləsi aparılıb.

İşgüzar seminarda hər iki ölkənin mədəniyyətinin, ənənə və mənəvi dəyərlərinin bir-birinə daha yaxından tanıdılması məqsədilə MDM və KSD tərəfindən Azərbaycan və Koreya haqqında müvafiq şəkildə təqdimat və qısa videolar təqdim edilib.

Qeyd edək ki, onlayn görüş zamanı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə növbəti işgüzar seminarların keçirilməsi razılaşdırılıb.