15 yanvar 2021-ci il tarixində Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin keçən ilin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. İclasda təşkilatın struktur bölmələrinin rəhbərlərinin hər bir fəaliyyət istiqamətləri üzrə hesabatları dinlənilmiş, görülmüş işlər və layihələrə dair iştirakçılara məlumat verilmişdir.

      Hesabat zamanı məlum olmuşdur ki, 2020-ci ildə MDM tərəfindən ümumi həcmi 1 mlrd manatdan yuxarı olmaqla 97 yeni emitentlə müqavilə bağlanmış və xidmət göstərilən emitentlərin sayı 2092-yə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələr üzrə ümumi həcm göstəricilərində 43% artım müşahidə edilmişdir.

      2020-ci ilin sonuna MDM-də saxlamada olan qiymətli kağızların həcmi 5% yuxarı artaraq 45 mlrd  manat təşkil etmişdir. Saxlamada olan səhmlərin həcmində 22 mlrd manat olmaqla 3% artıq artım, istiqrazların həcmində 22 mlrd  manat olmaqla 7% artıq artım,  Mərkəzi Bankın notları üzrə 780 mln manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə  1%  artıq artım  qeydə alınmışdır.

      İclasın yekununda, MDM-in 2021-2025-ci illər üzrə dövrü əhatə edəcək Strateji planı haqqında məlumat verilərək bildirildi ki, gələcək 5 il üzrə əsas hədəflər beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə xarici depozitar və qlobal kastodianlarla əlaqələrin qurulması, risklərin idarə edilməsi və komplayns sistemlərinin yaradılması, MDM-in fəaliyyətinin ictimaiyyətə daha geniş işıqlandırılması məqsədilə kapital bazarının təşviqi üzrə müasir informasiya platformasının yaradılması, biznes proseslərin idarə olunması üzrə yeni prosedur çərçivənin formalaşdırılması və MDM-in kadr potensialının inkişaf etdirilməsidir.