MDM-də tətbiq olunan risklərin idarəedilməsi sistemi risklərin idarəedilməsi üzrə beynəlxalq standartlar çərçivəsində hazırlanmışdır. Odur ki, beynəlxalq standartlar nəzərə alınaraq Risklərin İdarəedilməsi Siyasəti və Proseduru hazırlanmış və həmin sənədlərə uyğun olaraq MDM-in fəaliyyəti zamanı məruz qala biləcəyi bütün daxili və xarici riskləri müəyyənləşdirilir, təhlil olunur, qiymətləndirilir və dövri olaraq idarəedici orqana hesabat verilir. Həmçinin, MDM-in struktur bölmələri tərəfindən aşkarlanmış risklərə qarşı tədbirlər görülür və risk yaradan amillər davamlı olaraq nəzarətdə saxlanılır.

MDM tərəfindən risklərin qiymətləndirilməsi və nəzarətinin həyata keçirilməsi üçün risk üzrə məsul şəxs təyin olunmuşdur. Risk üzrə qiymətləndirmə zamanı risk üzrə məsul şəxs bütün digər struktur bölmələrin işini yaxından araşdırır, müvafiq faktorlar üzrə risk göstəricilərini müəyyən edir və bu qiymətləndirmə nəticələri əsasında risk xəritəsini tərtib edir.

MDM-in daxili nəzarət sistemi hər il müəyyən olunan vaxtda daxili audit tərəfindən qiymətləndirilir və nəticələri daxili audit hesabatlarında öz əksini tapır. Daxili nəzarətin zəif tərəfləri aşkar edildikdə lazımi profilaktik tədbirlər görülür.

MDM-in əməkdaşlarını mövcud risklər və təhlükəsizlik tədbirləri barədə məlumatlandırmaq üçün məlumat təhlükəsizliyi ilə bağlı vaxtaşırı təlimlər keçirilir və potensial  risklər praktik nümunələr şəklində təqdim olunur.