ABŞ-nın depozitar, trast və klirinq korporasiyası DTCC  "Sənədlidən sənədsizə: ABŞ-ın qiymətli kağızlar bazarında sənədsizləşmənin  inkişafı" adlı məqalə dərc edib. Məqalədə sənədli qiymətli kağızlarların tədricən azaldılması və gələcəkdə tam sənədsizləşdirilməsi istiqamətində atılacaq addımlar barədə məlumat verilib.


Avtomatlaşmanın önəmli olduğu bir dövrdə, qiymətli kağızların elektron formaya keçidi bu sahədə prosedurlar ilə bağlı riskləri və xərcləri azaldaraq, onların daha da effektiv keçirilməsinə imkan verəcək. ABŞ-ın kapital bazarında milyonlarla qiymətli kağızlar sənədsizləşdirilsə də, hal-hazırda DTCC tərəfindən saxlanılan aktivlərin təxminən 1%-i hələdə sənədli formada saxlanılır və həmin aktivlərin dəyəri 780 milyard dollardır. Korporasiya qiymətli kağızların 98%+ sənədsizləşdirilməsini növbəti üç il ərzində həyata keçirməyi planlaşdırır.


Qeyd edək ki, 1999-cu ildə DTC (Depozitar və Trast Şirkəti) və NSCC (Milli Depozitar və Klirinq Korporasiyası) birləşməsi nəticəsində təsis edilən DTCC ABŞ-nın maliyyə bazarında depozitar, klirinq və hesablaşma xidmətlərini göstərir və gündəlik trilyonlarla dollar həcmində əməliyyatlar həyata keçirir.

Mənbə: https://www.dtcc.com/news/2020/september/29/dtcc-outlines-steps-to-achieve-dematerialization