2 avqust 2019-cu il tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankının təşkilatçılığı ilə Azərbaycanın qiymətli kağızlar bazarında həmin beynəlxalq maliyyə institutunun ilk istiqraz emissiyasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının, “Paşa Bank” ASC-nin, “Turan Bank” ASC-nin, investisiya şirkətlərinin nümayəndələri iştirak etmişlər.

Tədbir Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndəsinin açılış nitqi ilə başlamış, bir gün öncə baş tutmuş hərracda rekord göstəricilərin əldə olunması ilə  istiqrazların tam şəkildə yerləşdirilməsi barədə məlumat verilmişdir.

Tədbirdə MDM-in İdarə Heyətinin sədr müavini Müşfiq Əhmədli çıxışı zamanı beynəlxalq maliyyə institutu tərəfindən yerli valyutada buraxılan investisiya qiymətli kağızlarının yerləşdirilməsi üzrə hərracın uğurla baş tutmasının əhəmiyyətinə toxunmuş, bu hadisənin dövlət tərəfindən Azərbaycanın kapital bazarının daha da inkişaf etdirilməsi üçün göstərilən dəstəyin, eləcə də bazar iştirakçıları arasında qarşılıqlı fəaliyyətin nəticəsi olduğu bildirmişdir. Eyni zamanda, o, QDTİB ilə MDM arasındakı əlaqələri, mərkəzi depozitarın beynəlxalq maliyyə təşkilatlarının yerli bazarda qiymətli kağız emissiyanın təşviqi istiqamətində rolunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, MDM öz fəaliyyətində beynəlxalq maliyyə institutları, kastodian təşkilatlar, xarici depozitarlar ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırır. Bu baxımdan,  Türkiyənin mərkəzi depozitarı olan Mərkəzi Kayıt Kuruluşu,  Avropanın qabaqcıl beynəlxalq banklarından biri olan “Raiffeisen Bank International” ilə qarşılıqlı nominal hesabların açılması üzrə, Clearstream və Euroclear kimi beynəlxalq təşkilatlarla əməliyyat əlaqələrinin qurulması üzrə danışıqlar vurğulanmışdır.

Tədbirdə həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının, “Paşa Bank” ASC-nin, “Turan Bank” ASC-nin nümayəndələri çıxış etmişlər. Tədbir sual-cavab sessiyası ilə davam etmişdir.