Milli Nömrələyici Agentlik öz ölkəsində qiymətli kağız buraxılışlarına və başqa maliyyə alətlərinə, xüsusən milli məzənnəyə və müxtəlif indekslərə beynəlxalq eyniləşdirmə nömrəsi olan ISIN (International Securities Identification Numbers) kodlarını təyin etməyə səlahiyyətli təşkilat hesab olunur.

Azərbaycan Respublikasında Milli Nömrələyici Agentlik statusu Milli Depozit Mərkəzinı (MDM) məxsusdur. Belə ki, 2006-cı ilin noyabr ayında MDM ilə Milli Nömrələyici Agentliklər Assosiasiyası olan ANNA (Association of National Numbering Agencies) arasında “Qlobal Əməkdaşlıq” haqqında razılaşma imzalanmış və MDM ANNA-nın rəsmi əməkdaşına çevrilmişdir. 2008-ci ildən etibarən isə MDM bu təşkilatın tamhüquqlu üzvü seçilmişdir. 

ANNA-nın əməkdaşı olmaqla, MDM Azərbaycan Respublikasının ərazisində Milli Nömrələyici Agentlik statusunu qazanmış və bununla, Azərbaycanda buraxılan qiymətli kağızların beynəlxalq fond bazarlarına çıxışını və Azərbaycan qiymətli kağızlarına verilən dövlət qeydiyyat nömrələrinin dünya üzrə tanınmasını təmin etmişdir. Həmin andan beynəlxalq identifikasiya kodlarını qiymətli kağızlara təyin etmək yolu ilə effektiv beynəlxalq identifikasiya sisteminin yaradılmasında köməklik göstərilməsi,  qiymətli kağızlarla beynəlxalq əməliyyatlar çərçivəsində göstərilən kodlar haqqında məlumatın yayılması da MDM-in funksiyalarına daxil olmuşdur.