Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir.

Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.

Klirinq təşkilatı yalnız mərkəzi depozitarda saxlanılan qiymətli kağızlar üzrə əməliyyatları həyata keçirir və hər ticarət günündə üzvlərinin icra etdiyi hər bir əqd üzrə ayrıca öhdəlikləri hesablayır və xalis mövqeləri müəyyən edir.

Klirinq təşkilatı öz üzvü olan investisiya şirkətlərinə ticarət məqsədləri üçün gündəlik klirinq pul limitlərini açır. Klirinq limitləri aşağıda göstərilən təminat üsulları əsasında açılır:

  • Vəsaitlərin əvvəlcədən deponentləşdirilməsi;
  • İnvestisiya şirkətinin və (ya) onun müştərisinin mülkiyyətində olan qiymətli kağızlar və ya pul vəsaitlərinin klirinq təşkilatının xeyrinə maliyyə girovu öhdəlikləri ilə yüklənməsi;
  • Öhdəliklərinin icra olunması ilə əlaqədar bank tərəfindən təqdim olunmuş zəmanət;
  • Öhdəliklərin icra olunmaması riskindən sığortalanmasını təmin edən sığorta müqaviləsi.

Klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə klirinq fondu yaradıldıqda, klirinq təşkilatının üzvü olan bütün investisiya şirkətləri klirinq fondunda iştirak etməlidir. Klirinq fondunu klirinq təşkilatı idarə edir.

Klirinq fondunun vəsaitləri aşağıdakı mənbələrdən formalaşır:

  • Klirinq fondu üzvlərinin ödədiyi üzvlük haqları;
  • Klirinq fondunun vəsaitin yatırılmasından əldə etdiyi gəlirlər;
  • Klirinq təşkilatı ləğvedici qismində çıxış etdikdə, həmin xidmətdən əldə etdiyi vəsait. 

Klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.