İnvestisiya şirkəti - müvafiq lisenziyaya malik olan, qanunvericilik ilə müəyyən edilmiş investisiya xidmətlərini göstərən, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. İnvestisiya şirkətləri əsas və yardımçı investisiya xidmətlərini göstərir.

Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
2. Fərdi investorların portfelinin idarə edilməsi;
3. İnvestisiya məsləhətlərinin verilməsi;
4. Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
5. Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
6. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
7. Marja ticarəti.

Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
1. Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
2. İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
3. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması; 
4. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
5. Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətləri mərkəzi depozitarın, fond birjasının və klirinq təşkilatının üzvü ola bilər.