“Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli” qiymətli kağızlar bazarında pul vəsaitləri üzrə köçürmələrin hesablaşma agentləri - kommersiya bankları tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Beynəlxalq və mütərəqqi təcrübə əsasında hazırlanmış bu model Azərbaycanın qiymətli kağızlar bazarında likvidliyin daha səmərəli tənzimlənməsinə, hesablaşma rejimlərinin optimallaşdırılmasına və bütövlükdə bazarın daha da inkişaf etdirilməsinə yönəlmişdir. Hesablaşma agenti modelinin tətbiqi “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılması”na dair Milli Depozit Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), hesablaşma agentləri və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanmış kollektiv saziş ilə tənzimlənir.

Modelə əsasən, AMB Bakı Fond Birjasında (BFB) bağlanmış əqdlərdən irəli gələn pul öhdəlikləri üzrə hesablaşma agentləri arasında hesablaşma funksiyasını yerinə yetirən hesablaşma bankıdır.

Hesablaşma agentləri isə investisiya şirkətləri tərəfindən BFB-də əməliyyatların aparılması üzrə ticarət limitini müəyyən edən və investisiya şirkətinin həmin limit məbləğində bağladığı əqdlər nəticəsində yaranan pul öhdəliklərini icra edən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardır.

Hesablaşma agentləri aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Real Vaxt Rejimində Banklararası Hesablaşmalar sistemininin (AZIPS) üzvü olmalıdırlar;
  •  yüksək maliyyə dayanıqlılığı göstəricilərinə malik olmalıdırlar.

Hesablaşma agentinin vəzifələri aşağıdakılardır:

  • Müqavilə əsasında əməkdaşlıq etdiyi investisiya şirkətlərinə ticarət limitlərinin verilməsi;
  • əməkdaşlıq etdiyi investisiya şirkətlərinin BFB-də aparılan əməliyyatları üzrə yaranmış pul öhdəliklərinin icra edilməsi;
  • investisiya şirkəti üçün cari hesabların açılması;
  • investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər üçün müvəqqəti cari hesabların açılması.