Fond birjası – müvafiq lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.

Fond birjasının vəzifələri aşağıdakılardır:

1. Təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi;

2. Öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi;

3. Qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi;

4. Ticarət sistemlərinin istismarı və dəstəklənməsi;

5. Qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili;

6. Fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi;

7. Öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi;

8. Ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması;

9. Öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması;

10. Qanunvericilik və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr.

Hal-hazırda dünyada bir çox fond birjaları fəaliyyət göstərir. Onlardan ən iriləri ABŞ-ın NASDAQ və Nyu-York birjası, Yaponiyanın Tokio fond birjası, İngiltərənin London fond birjası və Çinin Şanxay fond birjasıdır.

Azərbaycan Respublikasında fond birjası fəaliyyəti Bakı Fond Birjası tərəfindən həyata keçirilir.